Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövründə
daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Hazırlıq
dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri
əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də
ehtiyac duyulur. Bizim vəsait də bu sahədə Sizlərə qazandıqlarınız bilikləri daha da
möhkəmləndirməyə xidmət edəcəkdir. Vəsaitdə yeni təhsil proqramı (kurikulum) əsasında
hazırlanmış mövzular üzrə nəzəri məlumatlar elə hazırlanmışdır ki, abituriyentin orta
məktəb dərsliklərindən öyrəndikləri bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir.
Vəsaitdə nəzəri biliklərlə yanaşı, IX və XI siniflərdə təhsil alan şagirdlərin
mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının I mərhələsinin özəyi kimi
götürülən iki əsas məzmun xəttinin: dinləyib-anlama və danışma və oxu məzmun
xətlərinin tələbləri nəzərdə saxlanılaraq, imtahanda istifadə olunmuş və ya olunacaq mətn
nümunələrinə oxşar mətnlər də daxil edilmişdir. Həmin mətnlərin imtahana hazırlaşan
şagirlərin işinə yarayacağını, mətnlərlə işləmək bacarığı aşılayacağını ümid edirik.
Bundan başqa, vəsaitdə mətn üzərində işləməyi daha da möhkəmlətmək üçün nəzəri
biliklər və bu bilikləri bacarığa çevirmək üçün yoxlayıcı suallar da əlavə edilmişdir.
Mətnlərlə işləmək üçün şagirdlərin özlərində bəzi vərdişlər formalaşdırmaq məqsədilə bir
neçə tövsiyə veririk.
• Mətn diqqətlə oxunmalıdır.
• Mətni ikinci dəfə oxumamaq, vaxta qənaət etmək məqsədi ilə lazım gələrsə, şagird
mətnin üzərində bəzi qeydlər aparmalıdır. Bu qeydlər əsas faktlar, tarixlər və s. ilə bağlı
ola bilər.
• Şagird qeyd aparmaq üçün özünün şəxsi işarə sistemini formalaşdırsa, bu onun
mətnlə daha rahat işləməsi üçün zəmin yaradacaq. (Nümunə: Əsas faktların altından
dalğalı xətt çəkilə bilər.)
İnanırıq ki, bu vəsait həm müəllimlər, həm abituriyentlər, həm də aşağı sinif şagirdləri
üçün faydalı olacaqdır.